Martın 13-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə iddiaçılar turnirinə start verilib. İddiaçılar turnirində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ilə yanaşı, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik, Dmitri Andreykin (hər ikisi Rusiya), Veselin Topalov (Bolqarıstan), Levon Aronyan (Ermənistan), Sergey Karyakin və Pyotr Svidler ( hər ikisi Rusiya) mübarizəyə qoşulublar.
İlk turda Şəhriyar Məmmədyarov Veselin Topalov ilə üz-üzə gəlib. Həmin qarşılaşmada tərəflər yarım xalla kifayətləniblər. Paralel keçirilən görüşlərdə Andreykin Kramniklə, Karyakin Svidlerlə xal bölgüsü aparıb. Turun yalnız bir görüşündə qalib müəyyənləşib. Keçmiş dünya çempionu Vişvanatan Anand Levon Aronyanın "şah”ını "mat” edib. Növbəti turda Topalov Anandla, Kramnik Karyakinlə, Svidler Andreykinlə, Aronyan isə Məmmədyrovla üz-üzə gələcək.
Qeyd edək ki, əsasnaməyə görə, şahmatçılar bir-biri ilə 2 dəfə (həm ağ, həm də qara fiqurlarla) üz-üzə gələcəklər.
Turnirin qalibi dünya şahmat tacı uğurunda görüşdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə oynayacaq.
Ümumilikdə 14 turdan ibarət olan turnir aprelin 1-də başa çatacaq.