Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında altıncı yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycan atletləri altıncı yarış günündə 6 idman növündə (ağırlıqqaldırma, cüdo, üzgüçülük, boks, futzal, stolüstü tennis) mübarizə aparacaq.
Cüdo yarışlarında 5 çəki dərəcəsində 6 cüdoçumuz tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Ruslan Paşayev (66 kq) və Hidayət Heydərov (73 kq) qüvvəsini sınayacaq.
Ağırlıqqaldırma yarışında Nuray Əbilova (48 kq), Selcan Qarayeva (53 kq), Amin Osmanov (60 kq) və Fuad Həsənov (65 kq) körpücük üzərinə çıxacaq.
Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina, Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə Alkərəmova və Yeqor Maynitski müxtəlif növlərdə bacarıqlarını nümayiş etdirəcəklər. Yığmamız, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzmə üzrə qarışıq komanda yarışında mübarizə aparacaq.
Azərbaycan boksçularından Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (80 kq) 1/4 görüşünə çıxacaqlar.
İslamiada çərçivəsində keçirilən stolüstü tennis yarışlarına da bu gün start veriləcək. Azərbaycanın stolüstü tennis yığması ilk oyununu Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.
Bu gün həmçinin, futzal üzrə Azərbaycan millisi də növbəti oyununu keçirəcək. Komandamız qrup mərhələsi çərçivəsində ev sahibi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir.
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün 6 idman növündə mübarizə aparacaqlar


