Açıq Bakı kriterium yarışı keçirilib

Açıq Bakı kriterium yarışı keçirilib



Martın 15-16-da velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışının birinci mərhələsi keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən Veloparkda təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.
Yarışın 2-ci günü U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Nəticələrə gəlincə, 15 yaşına qədər idmançılar arasında Qadir Mustafayev bütün rəqiblərini qabaqlayaraq 1-ci yeri tutub. Xankişi İsgəndərov 2-ci, Maqsud Həsənov 3-cü olub. 17 yaşınadək velosipedçilərin mübarizəsində isə Bakir Dadaşov hamıdan yaxşı çıxış edib. Sonrakı 2 yeri Mikayıl Səfərli və Maksim Naperstkov tutub. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və pul mükafati ilə təltif ediliblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev yarışların təşkili ilə bağlı fikirlərini bildirib. "Açıq Bakı kriterium yarışının təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır”, - deyən baş katib daxili yarışlarda iştirak edən velosipedçilərin sayının günü-gündən artdığını xüsusi vurğulayıb. Fərhad Əliyevin sözlərinə görə, qeyd olunan amil rəqabətin yüksəlməsinə və nəticələrin artmasına şərait yaradır ki, bu da federasiya rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biridir.