Aprelin 20-də "Synergy Group”un təşkilatçılığı ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək. Artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adları dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov (11-ci) və Teymur Rəcəbov (34-cü) iştirak edəcəklər.
"A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.
"B” turnirində 10 şahmatçı mübarizə aparacaqdır. Mükafat fondu 30 min avro olan bu turnirdə Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685) birincilik uğrunda yarışacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaqdır.
Xatirə turniri aprelin 30-da başa çatacaq.