Şahmat tacına iddiaçıların turnirində qalib kim oldu?

Şahmat tacına iddiaçıların turnirində qalib kim oldu?


Bu gün Xantı-Mansiyskdə şahmat üzrə dünya çempionu adına iddiaçıların turnirində sonuncu, 14-cü tur keçirilib.
Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov son turda rusiyalı Vladimir Kramniklə sülh bağlayıb. Oyun 30-cu gedişdə başa çatıb. Levon Aronyan son turda Serqey Karyakinə uduzub, Vişvanatan Anand - Pyotr Svidler, Veselin Topalov - Dmitri Andreykin qarşılaşmaları isə heç-heçə nəticələnib.
Xatırladaq ki, hindistanlı Vişvanatan Anand sonuncu turdan əvvəl özünə turnirin qalibi titulunu təmin edərək hazırkı dünya çempionu Maqnus Karlsenla şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanıb. Rusiyalı qrossmeyster Serqey Karyakin 7,5 xal ilə gümüş medalın sahibi olub.
Turniri 7 xal ilə başa vurmuş Şəhriyar Məmmədyarov Rusiya nümayəndələri Vladimir Kramnik və Dmitri Andreykinlə birlikdə 3-cü -5-ci yerləri bölüşür. Sonrakı iki yeri hərəsi 6,5 xal toplamış Levon Aronyan və Pyotr Svidler tutur.
Bolqarıstan nümayəndəsi, keçmiş dünya çempionu Veselin Topalov cəmi 6 xal toplamış və turniri sonuncu yerdə başa vurub.