Cüdoçumuz Samsunda gümüş medalla kifayətləndi

Cüdoçumuz Samsunda gümüş medalla kifayətləndi



Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. 3 gün davam edən yarışda yığmamız baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 8 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunub.
Yarışın ilk günündə millimizin 6 üzvü tatami üzərinə çıxsa da onlardan yalnız İlqar Müşkiyev (60 kq) yarımfinala qədər irəliləməyə müvəffəq olub. Həmyerlimiz finala gedən yolda Qazaxıstan idmançısı Yeldos Smetovla mübarizə aparıb. Lakin təmsilçimizin bu mərhələdə çıxışı uğursuz alınıb. 122-ci saniyədə ippona düşən İlqar bürünc medal üçün görüşə çıxıb. Rusiyalı Robert Mşvidobadze ilə üz-üzə gələn cüdoçumuz bu görüşdə də məğlub olmaqla 5-ci yeri tutub.
Turnirin ikinci günündə yığmamızın daha 3 üzvü mübarizəyə başlayıb. Təmsilçilərimizdən yalnız Rüstəm Orucov (73 kq) mükafatçılar sırasında yer alıb. Yarışa 1/8 finaldan başlayan idmançımız finala qədər inamla irəliləyib. Həlledici yarışda almaniyalı Kristofer Voelkə məğlub olan Rüstəm Qran-pri yarışını gümüş medalla başa vurub.
Yarışların son günündə isə 5 cüdoçumuz tatami üzərinə çıxsa da, onlardan heç biri medal qazana bilməyib.
Beləliklə, Samsun Qran-prisində bir gümüş medalla kifayətlənən yığmamız 44 ölkə arasında 12-ci olub.
Məlumat üçün qeyd edək ki, iştirakçıların arasında dünya çempionumuz Elxan Məmmədovun adı olsa da, o, qeyri-müəyyən səbəbdən yarışa qatılmayıb.
Xatırladaq ki, bu yarışdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan cüdo üzrə Qran-pri turnirində iştirak edən millimiz 4 medala sahib çıxmışdı. Yeni baş məşqçi Hacıağa Hacıəhmədovun millidə debüt etdiyi bu yarışda cüdoçularımız 2 qızıl və 2 bürünc medal qazanaraq Rusiya və Gürcüstandan sonra 3-cü yeri tutmuşdular.
Təmsilçilərimizdən Qran-prinin ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şixəlizadə (66 kq) qızıl, Kifayət Qasımova (57 kq) isə bürünc medala layiq görülmüşdü. Yarışların üçüncü günündə isə Elmar Qasımov (100 kq) növbəti bürünc medalı komanamıza qazandırmışdı.