Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu saymaq olar. Belə ki, Hacıağa Hacıəhmədovun baş məşqçi kimi debüt etdiyi yarışdan sonra yığmamızın 6 üzvü mövqeyini yaxşılaşdırıb. Komandamızın aktivinə qızıl medal yazdıran Orxan Səfərov (60 kq) 8 pillə irəliləyərək 10-cu sıraya yüksəlib. Ölkəmizə digər qızıl medalı qazandıran Nicat Şixəlizadə (66 kq) 8-ci sıradakı yerini 6-cı pilləyə dəyişib. Qran-pri turnirində bürünc medal əldə edən Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) da irəliləməyə müvəffəq olublar. Onlar, müvafiq olaraq, 8-ci və 14-cü yerə yüksəliblər.
Yarışda 7-ci olan Tural Səfquliyev (81 kq) də irəliləyənlər sırasındadır. O, bu nəticə ilə 8 rəqibini qabaqlayaraq 34-cü pilləyə qalxıb. Tərlan Kərimov (66 kq) da sıyahıda irəliləyib. Təmsilçimiz 57-ci yerini 56-cı yerə dəyişib.
Dünya çempionumuz Elxan Məmmədov (100 kq) isə yenə də öz çəkisində mövqeyini qoruyub. Xatırladaq ki, o, reytinq cədvəlində birinci pillədədir.
Təəssüflər olsun ki, digər cüdoçularımız İlqar Müşkiyev (60 kq), Ramilə Yusubova (63 kq) və Şahin Qəhrəmanov (90 kq) haqqında eyni sözləri söyləmək olmaz. Belə ki, İlqar Müşkiyev və Ramilə Yusubova iki pillə geriləyərək, müvafiq olaraq, 14-cü və 71-ci pillədə qərarlaşıblar. Şahin Qəhrəmanov isə 1 pillə geriləmə ilə 8-ci sırada yer alıb. 81 kq çəki dərəcəsini yenidən 73 kq-a dəyişən Rüstəm Orucov (73 kq) isə 14-cüdür.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.