Xızıda velosiped idmanının şosse növü üzrə keçirilən Federasiya Kuboku yarışı başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edib. Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunub. Proqrama əsasən, yarışın ikinci günündə Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x5 km), U-17 və qızlar isə 5 km məsafədə yarışıblar. Nəticələrə gəlincə, gözlənildiyi kimi, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu "Synergy Baku”nun üzvləri Tural İsgəndərovla Aqşin İsmayılov favorit statusunu doğruldublar. Azərbaycanın U-23 milli komandasının da üzvü olan Tural 29 dəqiqə, 7 saniyə göstərici ilə 2-ci yarış gününün də qalibi olub. Azərbaycanın Elit milli komandasının üzvü Aqşin İsmayılov isə çempiona 2 dəqiqə, 14 saniyə uduzmaqla 2-ci yeri tutub. Ilk üçlüyü Fərid Mustafazadə tamamlayıb - 33 dəqiqə, 16 saniyə. İlk yarış günündə 3-cü yer tutan Cavid Əliyev isə bu dəfə 4-cü yerlə kifayətlənib (34 dəqiqə, 18 saniyə).
17 yaşlılar arasında "Lokomotiv” klubunun üzvü Kərim Şirəliyev digər rəqiblərindən daha yaxşı çıxış edib - 16 dəqiqə, 22 saniyə. O, 2-ci yeri tutan "Sumqayıt” Velosiped İdman Klubunun təmsilçisi Şamil Rəhimovu 8 saniyə qabaqlayıb. Qızlar arasında isə Sevinc Əzizova hamıdan yaxşı nəticə göstərib.
Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediliblər.