Respublika Şahmat Mərkəzində 14-18 yaşlı oğlanlar və qızlar arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Hər yaş qrupu üzrə ölkəmizi qitəmiqyaslı çempionatlarda təmsil edəcək şahmatçılarımız müəyyənləşib.
Belə ki, 18 yaşlı oğlanlar arasında Bakı şahmatçıları Nurlan Şabanov və Aqil Pirverdiyev eyni - 6,5 xal toplasalar da əlavə göstəricilərə görə çempion adını Nurlan Şabanov qazanıb. Aqil Pirverdiyev gümüş, Elvin Bayramov (Quba) isə bürünc medalın sahibi olublar.
Eyni yaşlı qızlar arasında çempion adını aktivinə 9,5 xal yazan Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva qazanıb. Aytən Əmrayeva 6,5 xalla ikinci, Xatın Bağırova isə 5 xalla üçüncü pillədə qərarlaşıblar.
Paytaxt təmsilçisi İsmayıl Şahəliyev 16 yaşadək oğlanlar arasında birinci yerə layiq görülüb. Qulam Məmmədov ikinci, Zaur Abbasov isə üçüncü olub.
Eyni yaşlı zərif cinsin nümayəndələri arasında Aydan Höccətova Nərmin Məmmədova ilə eyni xal toplayıb. Aydan Höccətova əlavə göstəricilərə görə qızıl, Nərmin Məmmədova isə gümüş medal qazanıblar. Məğrurə İmanlı (Bakı) isə 8 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Çempionatda 14 yaşlı oğlanların yarışında Niyazi Nağdiyev 9,5 xal toplayaraq birinci yeri tutub. Nail Bəşirli və Vüqar Əsədli hərəyə 7,5 xal toplayaraq 2-3-ci yerləri bölüşdürüblər.
Xanım Balacayeva (Bakı) 10,5 xal toplayaraq 14 yaşlı qızlar arasında çempion adına layiq görülüb. İkinci yerə 8 xalla Nərmin Kərimzadə (Bakı), üçüncü yerə 7,5 xalla Nigar Mustafazadə çıxıblar.
Qeyd edək ki, çempionatda hər yaş qrupunda (oğlan və qız olmaqla) ümumilikdə 12 şahmatçı iştirak edib. Ancaq 18 yaşadək yeniyetmələrin mübarizəsinə 6 zəka sahibi qoşulub.
Hər yaş qrupunda çempion adını qazanan zəka sahibləri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının xətti ilə müvafiq olaraq öz yaş qruplarında dünya çempionatına, gümüş mükafatçılar isə Avropa çempionatına vəsiqə əldə ediblər.