Xantı-Mansiyskdə (Rusiya Federasiyası) FİDE-nin Prezident Şurasının iclası keçirilib. FİDE prezidenti Kirsan İlyumjinovun da iştirak etdiyi iclasda 2018-ci və 2020-ci illərdə şahmat olimpiadalarının keçirilməsi üçün müsabiqə təşkil edilməsi məsələsinə baxılıb. İclasdan sonra Kirsan İlyumjinov mətbuat konfransı keçirib. FİDE rəhbəri məsələ ilə bağlı bunları deyib: "Hazırda 2018-ci il üçün Kamerunun sifarişi tərtib edilir. Yaxın vaxtlarda Kamerunda oldum, ölkə rəhbərliyi, nazirlər, Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşlər keçirdim. Bu ölkə olimpiadanı keçirmək arzusunda olduğunu bildirdi. İndiyə qədər Afrika qitəsində şahmat olimpiadası keçirilməyib, buna görə FİDE həmin təklifi maraqla qarşıladı. Üstəlik, Kamerun rəhbərliyi bizi əmin etdi ki, onlar olimpiadaya qədər mehmanxanalar tikəcək və hər şey hazır olacaqdır.
Bu həftə mən Cənubi Koreyaya da səfər etmişəm. 2020-ci ildə Dünya Şahmat Olimpiadasının Cənubi Koreyada, Seulda keçirilməsi barədə təklif hazırlanır. Hər halda, nazirlərdən belə bir təklif almışıq. Onlar bu arzuda olduqlarını bildiriblər. 2018-ci ildə Qış Olimpiya Oyunları da Cənubi Koreyada keçiriləcək”.
Xatırladaq ki, qarşıdakı ilk şahmat olimpiadası bu il avqust ayında Norveçin Tromsö şəhərində keçiriləcək, 2016-cı ildə isə komandalar səviyyəsində əsas şahmat yarışına Bakı ev sahibliyi edəcəkdir.