15 qat Azərbaycan çempionu

15 qat Azərbaycan çempionu

Aprelin ilk günlərində Respublika Şahmat Mərkəzində 35-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən 28 şahmatçı mübarizəyə qatıldı. Çempionat dünya və Avropa çempionatlarında olduğu kimi - hər birində 3 məsələ olmaqla, 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əksmat-50 dəq) ümumilikdə 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.

Çempionatda əsas mübarizənin, ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Gərgin mübarizədə qaliblər yalnız sonuncu - 6-cı turdan sonra məlum oldu. 5-ci tura kimi rəqiblərini 4 xal qabaqlayan M.İskəndərov yardımmat bölməsində 15 mümkün xaldan 3,75 xal toplayaraq çempionluğu əldən verdi.
1-ci yeri 90 mümkün xaldan 75 ( 324 dəq) toplayaraq Qəbələ şahmatçısı Araz Alməmmədov tutdu və bununla da 15 qat ölkə çempionu adını qazandı. Ötənilki ölkə çempionu Misrətdin İskəndərov (Sumqayıt) 73,25 (324 dəq.) xalla 2-ci, həlletmə üzrə gənclər arasında Dünya kubokunun qalibi, beynəlxalq usta Zaur Məmmədov (Bakı) 70 ( 283 dəq.) xalla 3-cü oldu.
4-cü yeri 3 qat ölkə çempionu Ramil Cavadov (İsmayıllı, 69,25 xal,339 dəq.) əldə etdi. Nərmin Məmmədova (Bakı, 59,25 xal, 307 dəq.) 5-ci, beynəlxalq usta Bəhruz Rzayev (Bakı, 59 xal, 307 dəq.) 6-cı yeri tutdu. 7-ci yerə isə Rəşad Zeynallı (Bakı, 50,5 xal ) layiq görüldü.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, əksmat - Misrətdin İskəndərov (Sumqayıt), üçgedişli və yardımmat - Ramil Cavadov, etüdlər - Bəhruz Rzayev (Bakı), çoxgedişli - Zaur Məmmədov (Bakı).
Qadınlar arasında 1-ci Nərmin Məmmədova (Bakı), 2-ci 21,5 xalla Vüsalə Quliyeva (Şabran), 3-cü isə 14,5 xalla Xatun Bağırova (Bakı) oldu. Veteranlar arasında ən yaxşı nəticəni 36 xalla Anatoli Piriverdiyev (Bakı), yeniyetmələr arasında (12 yaş) isə 23 xalla Fərid Aslanov (Sumqayıt) göstərdi.

Komanda hesabında da nəticələr müəyyən edildi: "Bakı-1” (Zaur Məmmədov və Nərmin Məmmədova) 129,25 xalla 1-ci, "Bakı-2” (Aqşin Məsimov və Rəşad Zeynallı) 98,75 xalla 2-ci, Sumqayıt (Misrətdin İskəndərov və Fərid Aslanov) 96,75 xalla 3-cü yerə layiq görüldü. Sonrakı yerləri, müvafiq olaraq, Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə), İsmayıllı (Ramil Cavadov və Toğrul Nəbiyev) və Şabran (Ramil Səfərəliyev və Vüsalə Quliyeva) komandaları tutdu.
Ölkə çempionatı ilə yanaşı, paytaxt çempionatının da nəticələri müəyyən edildi. Zaur Məmmədov 1-ci, Nərmin Məmmədova və Bəhruz Rzayev, müvafiq olaraq, 2-3-cü yerləri tutdular. Bölmələrdə qaliblər: ikigedişli - Rəşad Zeynallı; üçgedişli, çoxgedişli, yardımmat - Zaur Məmmədov; etüdlər Bəhruz Rzayev; əsk-mat- Nərmin Məmmədova.
Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim edildi.