"Synergy Group” açıq səhmdar cəmiyyəti bu yaxınlarda dünyasını dəyişmiş məşhur Azərbaycan şahmatçısı, Avropa çempionu, nüfuzlu dünya turnirlərinin çempionu Vüqar Həşimovun xatirəsinə ehtiram əlaməti olaraq güclü şahmatçıların dairəvi turnirini təşkil edir. Bu turnir "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində keçirilir. "Synergy Group” açıq səhmdar cəmiyyətinin "Sabit gələcək naminə” devizi ilə təşkil etdiyi turnirin açılış mərasimi aprelin 19-da Azərbaycanın səkkizinci böyük şəhəri sayılan Şəmkirdə Heydər Əliyev Mərkəzində keçiriləcək. İlk turun oyunları aprelin 20-də olacaq.
Şəmkirdə "A” turnirində hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), FİDE-nin beynəlxalq reytinqində beşinci yeri tutan Fabiano Karuana (İtaliya), həmin reytinqdə yeddinci yeri tutan Hikaru Nakamura (ABŞ), iddiaçıların turnirində ikinci yeri tutan Sergey Karyakin (Rusiya), həmin turnirdə dördüncü yeri tutan Şəhriyar Məmmədyarov və qrossmeyster Teymur Rəcəbov (hər ikisi Azərbaycan) çıxış edəcəklər.
"B” turnirində Azərbaycan qrossmeysterləri Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov və beş əcnəbi şahmatçı - Van Hao (Çin), Pavel Elyanov (Ukrayna), Etyen Bakro (Fransa), Radoslav Voytaşek (Polşa) və hazırkı Avropa çempionu Aleksandr Motılyov (Rusiya) çıxış edəcəklər.
"A” turnirində mükafat fondu 100 min, "B” turnirində 30 min avrodur.
Vüqar Həşimov dünya reytinqində ən yüksək nəticəni 2009-cu ilin noyabr ayında göstərib. O vaxt Vüqar reytinqdə altıncı yeri tuturdu. O, Bakı Qran-prisinin qalibi, 2009-cu ildə Azərbaycan təmsilçisi kimi Avropa çempionu olub. Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan yığmasının tarixi qələbəsində Vüqar həlledici rol oynayıb.
2011-ci ildə o, İtaliyada 1958-ci ildən keçirilən Recio-Emiliya turnirində qalib gəlib. Bundan əlavə, Vüqar Həşimov müxtəlif vaxtlarda Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldovanı təmsil edən bir neçə şahmat klubunun tərkibində çempion adını qazanıb.
Həşimov sürətli şahmatın əsl ustası kimi xüsusilə məşhur idi. 72-dən çox titulu olan Vüqar Kasparov kubokunun qalibi, 2008-ci ildə şahmat olimpiadasının gümüş mükafatçısı, dünya intellektual oyunlarının gümüş və bürünc mükafatçısıdır.