Yasamal rayonu ərazisindəki 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat festivalı keçiriliblər. Festivalda paytaxt rayonları da daxil olmaqla, 66 şəhər və rayondan 396 nəfər məktəbli iştirak edib. Festivalı paytaxtın şahmat idman növü üzrə əlaqələndiricisi Salman Əbdülovun rəhbərliyi ilə hakimlər kollegiyası idarə edib.
Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən yarışda Binəqədi rayonunun təmsilçiləri uğurla çıxış ediblər.
Bu rayonun təmsilçilərindən Fərid Mustafayev (276 nömrəli tam orta məktəbin şagirdi) 10 yaşadək oğlanlar arasında 7,5 xalla III, Zəhra Tağıyeva (135 nömrəli tam orta məktəb) 12 yaşadək qızlar arasında 6 xalla II, Sevinc Tağıyeva (135 nömrəli tam orta məktəb) 14 yaşadək qızlar arasında 6 xalla II yerləri tutmuş, Şəmsəd Axundov (102 nömrəli tam orta məktəb) 14 yaşadək oğlanlar arasında 7,5 xal, Mətin Salamov (246 nömrəli məktəb-lisey) 10 yaşadək oğlanlar arasında 6,5 xal, Aytac Səfərova (126 nömrəli tam orta məktəb) 10 yaşadək qızlar arasında 5 xal toplayıblar.
Binəqədi rayonu komanda hesabında 38,5 xalla I yerə layiq görülüb. Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Yarış başa çatdıqdan sonra beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Azər Mirzəyev və yarışın qaliblərinin iştirakı ilə seans oyunu təşkil edilib. Qaliblərə xatirə mükafatları təqdim olunub.