Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə aprelin 20-də start veriləcək
"Synergy Group”un təşkilatçılığı ilə aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürəcək.
Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov (11-ci) və Teymur Rəcəbov (34-cü) iştirak edəcəklər.
"A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.
"B” turnirində isə 10 şahmatçı mübarizə aparacaqdır. Mükafat fondu 30 min avro olan bu turnirdə Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685) birincilik uğrunda yarışacaqlar.
Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində iştirak etmək üçün artəq Bakıya gəlib.
Turnirin əsas məqsədi məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaqdır.
Yarış on gün davam edəcəkdir.