“Shamkir Chess- 2014” turnirinin təntənəli açılış mərasimi olub

“Shamkir Chess- 2014” turnirinin təntənəli açılış mərasimi olub


Aprelin 19-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş "Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimi olub.
Turnirin açılış mərasiminə toplaşanlar əvvəlcə Vüqar Həşimovun xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, beynəlxalq qrossmeyster, mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində istedadlı Azərbaycan qrossmeysteri haqqında "Vüqar Həşimovun təbəssümü” adlı videoçarx nümayiş etdirilib.
Sonra Vüqar Həşimova və Şəmkir turnirinə həsr edilmiş marka təqdim olunub. Markanı turnirin apelyasiya komissiyasının rəhbəri, Vüqar Həşimovun dostu və onun məşqçilərindən biri - moldovalı qrossmeyster Viorel İordakesku təqdim edib.
Açılış mərasiminin sonunda "Synergy Group” şirkətinin Müşahidə Şurasının rəhbəri Riad Hüseynov turniri açıq elan edib və püşkatma keçirilib.
qeyd edək ki, turnirin baş arbitri - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.