37-ci beynəlxalq Bakı turnirində 11 ölkə mübarizə apardı

37-ci beynəlxalq Bakı turnirində 11 ölkə mübarizə apardı



Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 37-ci beynəlxalq Bakı turniri keçirildi. Yarışda 1997-99-cu illər təvəllüdlü yeniyetmələr mübarizə aparırdılar. Turnir Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilirdi.
Yarışın təşkil olunmasında əsas məqsəd xalqımızın qəhrəman övladlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, yeniyetmə idmançıların ustalığının artırılması, qonşu ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi idi.
Tədbirin birinci günündə turnirdə iştirak edən xarici ölkələrin nümayəndələri və rəsmilər ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, abidələri önünə əklil və gül dəstələri qoydular. Daha sonra Şəhidlər xiyabanında Həzi Aslanovun abidəsi ziyarət olundu, sərkərdənin keçdiyi şərəfli döyüş yolu haqqında qonaqlara ətraflı məlumat verildi.
Turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və Sovet İttifaqı Qəhrəmanının nəvəsi Həzi Aslanov iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov yarış iştirakçılarını salamlayaraq dedi:
"Paytaxtımız iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 37-ci Beynəlxalq Bakı turnirinə ev sahibliyi edir. Bu yarışda iştirak etmək üçün müxtəlif ölkələrin idmançıları paytaxtımıza gəliblər. Mən idmançıların hamısına qalibiyyət arzulayıram. Bu cür yarışların keçirilməsi bir daha göstərir ki, ölkəmizdə idman yüksələn xətlə inkişaf edir. Ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı idmançılarımızın nailiyyətlərində öz əksini tapır. Sevindiricidir ki, Bakı şəhəri müxtəlif beynəlxalq turnirlərin keçirildiyi məkana çevrilib. Bu böyük işlərin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əməyi danılmazdır. Əvvəlki illərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirlərdə ölkəmizin tanınmış idmançıları iştirak ediblər. İnanıram ki, bu gün təşkil olunan yarışda mübarizə aparan yeniyetmə idmançılar arasında da gələcəyin Olimpiya çempionları yetişəcək”, - deyə Raqif Abbasov bildirdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bu yarışın tarixi ənənəsindən söz açdı: "Artıq 37 ildir ki, Həzi Aslanovun xatirəsinə beynəlxalq turnir keçirilir və iştirakçıların sayı ilbəil çoxalır. İnanıram ki, bu turnirin iştirakçıları olan yeniyetmə cüdoçularımız da general-mayor Həzi Aslanov kimi mərd, vətənpərvər ruhda böyüyəcək və ölkəmizin bayrağını uca tutacaqlar. Turnirdə iştirak edən hər bir idmançı bu yarışda mübarizə apardığı üçün qürur hissi duymalıdır. Turnir iştrakçılarına uğurlar arzulayıram”, - deyə Xəzər İsayev əlavə etdi.
Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də vaxtı ilə bu turnirdə təcrübə yığaraq Olimpiya oyunlarının qalibi adına laytq görüldüyünü yeniyetmə idmançıların diqqətinə çatdırdı:
"Mən də yeniyetmə vaxtlarımda bu turnirdə iştirak etmişəm. Məhz bu yarışlarda iştirak edərək təcrübəmi artırdım və Olimpiya çempionu tituluna yiyələndim. Belə bir mühüm yarışda iştirak hər bir idmançıdan böyük məsuliyyət tələb edir. İnanıram ki, iki dəfə Sovet İtifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi turnir ədalətli şəkildə keçiriləcək və ən layiqli idmançılar qalib gələcəklər”.
Daha sonra Aslanovlar ailəsinin nümayəndəsi, qəhrəmanın nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov çıxış etdi. "Ənənəvi beynəlxalq turnirin 37-ci ilinə qədəm qoymuşuq. Bu yarışın yaranmasının təşəbbüskarı 37 il bundan əvvəl ümummilli lider Heydər Əliyev olub. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, ölkə idmanı bu gün ən yüksək mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin uğurlu siyasətini layiqincə davam etdirir. Son illər respublikamızda idmana böyük diqqət və qayğı göstərilir. Gənclərimiz zərərli vərdişlərdən uzaqlaşaraq idmana meyl edirlər. Bu da təqdirəlayiq haldır. Turnir yüksək səviyyədə təşkil olunduğu üçün təşkilatçılara minnətdarlığımı bildiriəm”, - deyə o əlavə etdi.
Qeyd edək ki, ənənəvi beynəlxalq turnirdə 11 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, İtaliya, Çexiya və Slovakiyadan ümumilikdə 388 cüdoçu qalib adı uğrunda mübarizə aparırdı.
30-dan çox beynəlxalq dərəcəli yerli və xarici hakimlərin idarə etdiyi yarışlarda oğlanlar və qızlar 18 çəki dərəcəsində mübarizə aparırdılar.
Yarışın nəticələrinə əsasən, yeniyetmələrdən ibarət yığmamız ümumi komanda hesabında birinci yerə layiq görüldü. Gürcüstan və Rusiya komandaları isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutdular.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olundular.