Velosipedçilərimiz Fransada yarışırlar

Velosipedçilərimiz Fransada yarışırlar


Ölkəmizin ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun üzvləri Fransada keçirilən "Tour du Loir et Cher” yürüşündə çıxış edirlər. Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn və Konnor McConvey qoruyurlar. Yarışın 183.5 km-dən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç və Şvayzer qardaşları finişi eyni vaxtda (4 saat 8 dəqiqə 23 saniyə) keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Sokol 9-cu, Surutkoviç isə 14-cü yeri tutub. Bu nəticəyə görə "Synergy Baku”nun iştirakçıları komanda hesabında 4-cü yerdə qərarlaşıblar.

Yarışın ikinci mərhələsində idmançılar 198 km məsafə qət ediblər. Finişi liderdən 15 saniyə gec keçərək 38-ci olan Maykl Şvayzer təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb. O, 2-ci mərhələdə nümayiş etdiyi qələbə əzminə görə təltif edilib. Komandamızın digər üzvləri Aleksandr Surutkoviç və Patrik Leyn də Şvayzerlə eyni nəticəyə (4 saat 30 dəqiqə) imza atıblar. 2 mərhələdən sonra ümumi cədvəldə "Synergy Baku” üzvlərindən ən yüksək göstərici Yan Sokola aiddir. İdmançı liderdən 24 saniyə geri qalaraq 13-cü olub.
Qeyd edək ki, səhhətindəki problemlərə görə 1-ci mərhələdə istədiyi kimi çıxış edə bilməyən Konnor McConvey çıxışını dayandırıb. Artıq "Synergy Baku” "Tour du Loir et Cher”də mübarizəni 5 velosipedçi ilə davam etdirir.
Məlumat üçün bildirək ki, 3-cü mərhələdə velosipedçilər 208 km məsafə qət edəcəklər.