Cüdoçularmız Fransadan 1 gümüş və 1 bürünc medalla qayıtdılar

Cüdoçularmız Fransadan 1 gümüş və 1 bürünc medalla qayıtdılar


Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Qitə birinciliyinə 10 idmançı ilə yollanan yığma komandamız 2 medal qazanıb.
Çempionatın birinci günündə mübarizəyə 4 idmançımız qoşulub. Onlardan yalnız İlqar Müşkiyev mükafatçılar sırasında yer alıb. 

Çempionata 1/16 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə türkiyəli Ahmet Kabanı mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə çexiyalı David Pulkrabeklə üz-üzə gələn İlqar bu dəfə rəqibini daha asanlıqla məğlub edib. O, çexiyalı idmançını 88 saniyəyə ippona salmağı bacarıb. Cüdoçumuz 1/4 finalda Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanı sınağa çəkib. Bu görüşdən də qalib ayrılan idmançımızın yolunu yarımfinalda gürcüstanlı cüdoçu Amiran Papinaşvili kəsib. 3-cü yer uğrunda mübaizə aparan təmsilçimiz Eşli Makkenzini (Böyük Britaniya) məğlub etməklə bürünc medala sahib çıxıb.
Bu çəki dərəcəsində yarışan Orxan Səfərov da yarışa ilk mərhələdən başlayıb. Dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov ilk görüşündə Belarusu təmsil edən erməni əsilli Vae Tutxalyanla üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Orxan rəqibini ipponla məğlub edib. O, növbəti mərhələdə Artyom Arşanski (İsrail) ilə qarşılaşıb. Görüş Orxan üçün uğurlu alınıb və 61 saniyəyə mərhələ adlayıb. Təmsilçimiz 1/4 finalda böyük britaniyalı idmançı Eşli Makkenzi ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz yenə də qarşılaşmanı vaxtından əvvəl başa vurub. Ardıcıl 3-cü ipponla mərhələ keçən Orxan yarımfinalda rusiyalı Beslan Mudranovla üz-üzə gəlib. Lakin o, qələbə seriyasını bu dəfə davam etdirə bilməyib. Təəssüf ki, Orxan bürünc medal uğrunda görüşdə ermənistanlı Ovannes Davtyana məğlub olaraq yarışı 5-ci yerdə başa vurub. 66 kq çəki dərəcəsində medal qazanmağa əsas ümidlərimizdən olan Nicat Şıxəlizadə mübarizəyə 1/8 finaldan başlayıb. Vadzim Şoka (Belarus) ilə güləşən həmyerlimiz rəqibini ipponla məğlub edib. Lakin təmsilçimiz bu mərhələdə uğurunu davam etdirə bilməyib. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız Georgi Zantaraya (Ukrayna) da məğlub olaraq mükafatçılar sırasından kənar qalıb.
Qadınların mübarizəsində isə ölkəmizi 57 kq çəki dərəcəsində Kifayət Qasımova təmsil edib. Təəssüf ki, 31 yaşlı həmyerlimiz elə ilk görüşdəcə bolqarıstanlı İvelina İliyeva məğlub olaraq mübarizəni dayandırıb.
Yarışın ikinci günündə mübarizəyə başlayan Rüstəm Orucov ilk görüşdə moldovalı İqor Sorokanı 16 saniyəyə təmiz qələbə ilə üstələyib. İkinci görüşündə Sergey Drebotla (Ukrayna) üz-üzə gələn cüdoçumuz bu görüşdə də çətinlik çəkmədən qalib gəlib.
Həmyerlimizin 1/4 finalda hollandiyalı Deks Elmontla qarşılaşsa da bu dəfə özü ippona düşüb. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız sloveniyalı Rok Draksiçə də uduzaraq, beşinci yerlə kifayətlənib.
81 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finada yunanıstanlı Aleksios Ntanatsidislə görüşdə ipponla qalib gəlib. Lakin idmançımız macarıstanlı Şabolj Krijanla görüşdə uğurunu təkrarlaya bilməyib və mükafatçılar sırasından kənar qalıb. Yarışların son günündə mübarizə aparan Elmar Qasımov (100 kq) gümüş medala sahib çıxıb.
Beləliklə, Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vuran millimiz komanda hesabında 9-cu yeri tutub.