Teymur Rəcəbov tennisi, Karlsen isə futbolu sevir

Teymur Rəcəbov tennisi, Karlsen isə futbolu sevir


Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2014” beynəlxalq turnirinin 9-cu turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O deyib: "Fikrimcə çox maraqlı gedişlər oldu və 7 saata yaxın vaxt ərzində ciddi mübarizə izlədik”. İdmanın tennis növünü sevdiyini vurğulayan T.Rəcəbov bildirib: "Mən tennisə baxmağı çox sevirəm. Futbolda yalnız Braziliya milli komandasının oyunu izləyirəm. Braziliya millisi Çempionlar Liqasında oynamadığı üçün aprelin 29-da Real Madrid klubu ilə Bavariya (Münhen) komandası arasında keçirilən yarımfinal oyununu izləməyəcəyəm”. Dünya çempionu Maqnus Karlsen isə son turda eyni xala malik Fabiano Karuanayla partiyasının hər şeyi həll edəcəyini bildirib: "Karuanayla oyunda hər şey həll olunacaq. Heç-heçə məni qane edir. Amma mən bu barədə düşünmürəm. Öz oyunumu oynayacağam və çalışacağam ki, layiqli nəticə olsun. Futbola gəlincə deməliyəm ki, mən "Real Madrid” klubuna azarkeşlik edirəm. Yarımfinalda madridlilərdən qol gözləyirəm. Real səfərdə parlaq qələbə qazanmalıdır”.