“Shamkir Chess-2014” beynəlxalq turnirinin təntənəli bağlanış mərasimi keçirildi
Aprelin 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş "Shamkir Chess-2014” beynəlxalq şahmat turnirinin təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov və Faiq Həsənov, "Synergy Group” şirkətinin Müşahidə Şurasının rəhbəri Riad Hüseynov bağlanış mərasimində çıxış ediblər.
Sonra turnirin qaliblərinin mükafatlandırılması mərasimi olub.
"A” qrupunda birinci yeri Maqnus Karlsen (Norveç), ikinci yeri Fabiano Karuana (İtaliya), üçüncü yeri isə Hikaru Nakamura (ABŞ) tutmuşlar.
"B” qrupunda fəxri kürsünün ən yüksək pilləsinə Pavel Elyanov (Ukrayna) yüksəlib. İkinci yeri Aleksandr Motılyov (Rusiya), üçüncü yeri Etyen Bakro (Fransa) tutublar.
Qeyd edək ki, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində aprelin 19-dan 30-dək Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilmiş "Shamkir Chess-2014” turniri "Synergy Group” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilib.
Turnirin mükafat fondu "A” qrupu üçün 100 min avro, "B” qrupu üçün 30 min avro təşkil edir.