Mayın 7-11-də "Tour d’Azerbaidjan-2014” veloyürüşü keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə yürüşü izləmək üçün ölkəmizə velosiped idmanının kifayət qədər tanınmış simaları, fəxri qonaqlar gələcəklər.
Onlardan biri də tanınmış ispaniyalı velosipedçi, nüfuzlu "Tour de France” yarışının qalibi Karlos Sastredir. Qeyd edək ki, 39 yaşlı Karlos Sastre 2008-ci ildə Danimarkanın "CSC-Saxo Bank” komandasının heyətində "Tour de France” veloyürüşünün qalibi adını qazanıb. O, yürüş ərzində 3 mərhələdə birinci yerə çıxaraq qələbə sevinci duyub. Ümumiyyətlə, 2008-ci ili Sastrenin həyatında ən fəal dövr kimi də xarakterizə etmək olar. Belə ki, o karyerasının pik vaxtında, yəni 2008-ci ildə velosiped idmanının ən nüfuzlu yarışları sayılan "Giro d’İtalia”, "Tour de France” və "Vuelta” yürüşlərinin hamısında iştirak etməklə böyük təəccübə səbəb olmuşdu. Xüsusən, dağ mərhələlərində inamla yüpüş edən ispaniyalı velosipedçinin karyerasında, "Giro d’İtalia”nın 2 mərhələ çempionluğu da var.
2011-ci ilin sentyabrında peşəkar idmançı karyerasını başa vuran Karlos Sastre velosiped aləmində bir də onunla məşhurdur ki, onun adı 15 illik peşəkar karyerası ərzində bir dəfə belə olsun dopinq qalmaqalında hallanmayıb və buna görə də o, "Mr.Clean” ləqəbinə layiq görülüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə verdiyi müsahibədə Karlos Sastre belə deyib: "Azərbaycanda velosiped idmanının inkişafı üçün görülən işlərdən xəbərim var. 2 il öncə mənim yaşadığım şəhərin 23 yaşınadək velosipedçilərdən ibarət "Smilekers-FPDVS” komandası Azərbaycan turunda iştirak edib və yarışın 2-ci mərhələsinin qalibi olub”. O, Azərbaycan turunun qısa zaman kəsiyində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına layiq görülməsini yüksək qiymətləndirərək, bunu federasiyamızın işə peşəkar yanaşması kimi dəyərləndirib. Karlos Sastre bildirib ki, Azərbaycanda velosiped idmanının inkişafını görmək olduqca sevindirici haldır. 25 komandanın müxtəlif mərhələli, gözəl peyzajlı yarışda iştirakı ölkə üçün çox əhəmiyyətlidir.
Onu da deyək ki, tanınmış almaniyalı velosipedçi Linus Gerdemann Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2014” veloyürüşündə iştirak edəcək. Cənubi Afrika Respublikasının "MTN-Qhubeka” Pro-Kontinental komandasının şərəfini qoruyan Gerdemannın adı ilkin siyahıda olmasa da, o, son anda Azərbaycana gəlmək istədiyini bildirib.
Qeyd edək ki, Linus Gerdemann 2007-ci ildə "Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi adını qazanmaqla liderə məxsus "sarı mayka”nı da ələ keçirməsi ilə velosiped aləmində kifayət qədər böyük nüfuz qazanıb. 2014-cü il mövsümündə "MTN-Qhubeka”nın uğurları üçün çalışan 31 yaşlı velosipedçi daha öncə Danimarkanın "CSC Saxo Bank”, ABŞ-ın "Leopard” və Almaniyanın "Milram” komandalarının da şərəfini qoruyub. O, 10 illik peşəkar velosipedçi karyerası ərzində "Tirreno-Adriatico”, "Tour de Suisse”, "Tour de l’Ain”, "Deutschland Tour”, "Bayern Rundfahrt” və "Tour de Luxembourg” kimi nüfuzlu yarışlarda da qələbə qazanıb.