“Tour d`Azerbaidjan” veloyürüşünə həsr olunmuş mətbuat konfransı keçirildi
Mayın 6-da Bakıda, "Kempinski Hotel Badamdar” otelində mayın 7-11-də keçiriləcək "Tour d`Azerbaidjan” veloyürüşünə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə həm də "Synergy Baku” kontinental velosiped komandasının tərdimatı olub.
Olimpnews.az xəbər verir ki, tədbirdə veloyürüşün təşkilat komitəsinin sədri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ənənəvi təşkil olunan yarışın əhəmiyyətindən danışdı. Azərbaycanı yürüşdə "Synergy Baku” komandası təmsil edəcəyini bildirən S.Ələkbərov komandanın tərkibində komandanın 6 üzvündən 3-ünün azərbaycanlı olacağını diqqətə çatdırıb -Elçin Əsədov, Samir Cəbrayılov, Maksim Averin, Markus Eybegger, Aleksandr Surutkoviç və Met Brammeyer. O dedi: "Azərbaycanda velosiped idmanını inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır. Bizim başlıca məqsədimiz yaxşı çıxış etmək və öz ölkəmizi layiqincə təmsil etməkdir. "Velosipedçilərin daha da inkişaf etməsi üçün çalışırıq. Düşünürəm ki, idmançılarımız həm 2015-ci ildə Bakıda olacaq Avropa Oyunlarında, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Yay Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər”.
Yürüşün texniki direktoru Albrext Reder tədbir iştirakçılarına minnətdarlığını bildirərək dedi: "Azərbaycana çox güclü komandalar və velosipedçilər gəliblər. Dünyanın 22 ölkəsindən 25 komandanın heyətində 150 idmançı mübarizə aparacaq. Ən çox velosipedçi Avstraliyadan gəlib. Onlar yarışda 15, İtaliya və Rusiya 12 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 2012-ci və 2013-cü ilin qalibləri də buradadır”.
İdman direktoru Ceremi Hant vurğuladı ki, "Synergy Baku” böyük potensialı olan gənc və güclü komandadır.
Komandanın baş direktoru Devid Makkuayd turun favoritləri sırasında olan "Synergy Baku” komandasının velosiped idmanının Azərbaycanda təbliğ olunmasında böyük rol oynadığını diqqətə çatdırdı.
Mətbuat konfransında "Synergy Baku” komandasının nümayəndələri də çıxış edirdilər.
Qeyd edək ki, yarışın 1-ci mərhələsi mayın 7-si saat 10:30-da Dövlət Meydanı Bayrağından start götürəcək və Sumqayıt şəhərində başa çatacaq.