
Mayın 9-dan 11-dək Bakıda cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilir. Turnirdə Azərbaycan millisi ilə yanaşı, 44 ölkənin yığması mübarizə aparır. 290 cüdoçunun iştirak etdiyi yarışda 187 kişi, 103 qadın idmançı qüvvəsini sınayır.
Yarışın üçüncü günündə kişilər arasında 90, 100, 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Belə ki, mayın 11-də Azərbaycanın 11 cüdoçusu tatami üzərinə çıxacaq.
Bu gün 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçularımız Vaxtanqi Bitiyev və Uşanqi Kokauri bürünc medal uğrunda yarışacaqlar. V.Bitiyev rusiyalı Renat Saidov ilə, U.Kokauri isə rumıniyalı Daniel Natea ilə qarşılaşacaqlar.
Bu çəki dərəcəsində final görüşündə isə tunisli Faicel Jaballah və Rusiya təmsilçisi Anton Krivobokov üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan turnirdə 39 idmançı (27 kişi, 12 qadın) ilə iştirak edir. Heyətdə yığmamızın aparıcı cüdoçuları da yer alıblar.
Turnirin ilk iki günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.