Cüdoçularımız «Böyük dəbilqə» turnirini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular

Cüdoçularımız «Böyük dəbilqə» turnirini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular


Mayın 9-11-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə” turniri keçirildi.

Turnirdə 41 ölkədən 246 (156 kişi, 90 qadın) cüdoçu qalib adı uğrunda yarışırdı. Cüdo üzrə yığma komandamız bu yarışda baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 39 (27 kişi, 12 qadın) cüdoçu ilə mübarizə aparırdı.

Turnirin ilk günündə kişilər arasında 60 kq, 66 kq, qadınların mübarizəsində isə 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində qaliblər müəyyənləşdi. Yarışların birinci günündə 17 idmançımız tatami üzərinə çıxsa da, yığmamız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Azarkeşlər 60 kq çəki dərəcəsində iki Azərbaycan cüdoçusunun final görüşünü izlədilər. Həlledici mərhələdə Orxan Səfərov komanda yoldaşı Vüqar Şirinliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Finalda məğlub olan Vüqar Şirinli isə «Böyük dəbilqə» turnirinin gümüş medalına layiq görüldü.

Komandamıza bürünc medalı yığmamızın təcrübəli qadın cüdoçusu Kifayət Qasımova (57 kq) qazandırdı. O, bürünc medal uğrunda həlledici görüşdə Hollandiya idmançısı Karla Qrolu məğlub edərək üçüncü yerə sahib çıxdı.

Turnirin ikinci günündə kişilər arasında 73 kq, 81 kq, qadınların yarışında isə 63 kq və 70 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşdi. İkinci yarış günündə Azərbaycanın 10 cüdoçusu tatami üzərinə çıxdı. Təmsilçilərimizdən Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medal qazandılar. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov ilk görüşdə türkmənistanlı Arslan Nurmuhammedovu, sonra isə türkiyəli Bayram Ceylanı məğlub edərək 1/4 finala yüksəldi. Təəssüf ki, cüdoçumuz bu mərhələdə Fransa idmançısı Florent Uraniyə məğlub oldu. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan cüdoçumuz əvvəlcə

iranlı Seyid Mollaeini sonra isə Fransa təmsilçisi Piyer Dupartı məğlub edərək turnirin bürünc medalına layiq görüldü. Digər cüdoçumuz Məməmmədəli Mehdiyev (81 kq) yarışları üçüncü pillədə başa vurdu. O, ilk görüşdə Mozanbik idmançısı Marlon Acacionu, növbəti görüşdə isə macarıstanlı Atilla Unqvarini məğlub etsə də 1/4 finalda Rusiya cüdoçusu Alan Xubetsova məğlub oldu. Bürünc medal uğrunda şanslarını saxlayan təmsilçimiz təsəlliverici görüşlərdə Gürcüstan idmançısı Zebeda Rexviaşvili və rusiyalı Arsen Pşmakovu üstələyərək komandamıza növbəti bürünc medalı qazandırdı.

Yarışın üçüncü günündə kişilər arasında 90 kq, 100 kq və 100 kq-dan yuxarı, qadınların mübarizəsində isə 78 kq və 78 kq-dan yuxarı çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəldi. Yarışın son günündə yığma komandamızın 12 üzvü tatami üzərinə çıxsa da onlardan yalnız biri mükafatçılar sırasında yer almağı bacardı. Dünya çempionu Elxan Məmmdov (100 kq) komandamıza gümüş medal qazandırdı. İlk mərhələdən azad olan Elxan rusiyalı cüdoçu Zafar Maxmadovu məğlub edərək yarımfinala yüksəldi. Bu mərhələdə isveçrəli Flavio Orlikdən üstün olan idmançımız finala vəsiqə qazandı. Lakin Elxan uğurlu çıxışının ardını finalda davam etdirə bilmədi. O, həlledici görüşdə Qazaxıstan təmsilçisi Maksim Rakova məğlub olaraq gümüş medalla kifayətləndi.

Beləliklə «Böyük dəbilqə» turnirini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vuran yığmamız ümumi komanda hesabında dördüncü oldu. İlk üç yeri isə müvafiq olaraq, Fransa, Hollandiya və Rusiya yığmaları tutdular.

Azər Əlizadə