"5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk”. Bu sözləri AzVİF-in vitse-prezidenti, "Tour de Azerbaidjan-2014” veloyürüşünün Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, "Tour de Azerbaidjan-2014”ün 5 mərhələsini dəyərləndirərək bildirib ki, yarış uğurla başa çatıb: "Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdir”.
Federasiyanın vitse-prezidenti velosiped idman tariximizdə ilkə imza atdıqlarını da diqqətə çatdırdı. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının "Eurosport” kanalı vasitəsilə birbaşa göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz "Tour de Azerbaidjan-2014”də həyata keçirilib.
Sahib Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini və onun daha yaxşı keçirilməsi istiqamətində çalışacaqlarını vurğulayıb. O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir: "Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır”.
"Tour d`Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”, - Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov belə deyib.
5 mərhələdən ibarət veloyürüşü birbaşa izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. Aleksandr Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirib: "Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir şansdır”.