“Synergy Baku” velosiped komandası ilə görüş keçirilib

“Synergy Baku” velosiped komandası ilə görüş keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşündə ölkəmizi təmsil edən "Synergy Baku” komandasının üzvləri yarışın baş sponsoru "Synergy Group”un rəhbərliyi ilə görüşüblər.
Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri "Synergy Group”un Müşahidə Şurasının sədri Riyad Hüseynov komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, "Tour d’Azerbaidjan” velosiped yürüşündə dünyanın ən güclü komandaları ilə mübarizə aparmaq asan deyildir. Komandamızın cəmi 18 aydır fəaliyyət göstərdiyini nəzərə alsaq, hər biriniz üçün bu veloyürüş mühüm hadisə, dəyərli təcrübədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanın bu növünə göstərilən qayğı nəticəsində xeyli irəliləyiş vardır. Biz də öz növbəmizdə "Davamlı gələcəyə doğru” şüarımıza sadiq qalaraq Azərbaycanda bu sahənin daha da inkişafını dəstəkləyirik. Əsas məqsədimiz sizin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyinizə yardım göstərməkdir. Bunun üçün zəruri olan dəstəyi göstərməyə hazırıq.
Qeyd edək ki, 2013-cü il komanda üçün debüt ili olsa da, "Synergy Baku” üzvləri ötən il iştirak etdikləri mötəbər yarışlarda 15 dəfə fəxri kürsüyə qalxıblar. "Tour d’Azerbaidjan-2014”də isə "Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov ən yaxşı azərbaycanlı velosipedçi kimi təltif edilib.
Komandanın heyətində, həmçinin bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları irlandiyalı Metyu Bremmier, Konnor Makkonvey, Azərbaycanın elit və U-23 milli komandalarının üzvləri Elçin Əsədov, Tural İsgəndərov kimi güclü velosipedçilər var.