15 milyon kron olmasa Şahmat Olimpiadası keçirilməyəcək?

15 milyon kron olmasa Şahmat Olimpiadası keçirilməyəcək?

Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson bildirib, Tromsedə Şahmat Olimpiadası keçirilməsi vəsait çatışmazlığı üzündən ləğv edilə bilər.
Azərbaycan yığmasının da iştirak edəcəyi dünya şahmat forumunun bu il avqustun 1-dən 15-dək Tromsedə keçirilməsi nəzərdə tutulub. Elə həmin vaxtda orada həm də FİDE prezidenti seçkiləri keçirilməlidir.
Norveç hökuməti bu olimpiada üçün 2010-cu ildə 75 milyon kron (9,2 milyon avro) vəsait ayırıb, lakin xərclər o vaxtdan bəri xeyli artıb. Həmin vəsaitin bir hissəsi keçən il dünya kubokunun təşkil edilməsi üçün xərclənib.
Olimpiadanın təşkilatçıları bu tədbirin keçirilməsinə bir neçə ay qalmış 15 milyon kron (1,8 milyon avro) əlavə vəsait ayrılması barədə xahişlə Norveç Mədəniyyət Nazirliyinə müraciət ediblər, lakin nazirlik təşkilatçıların bu xahişini rədd edib.
Yansson deyib: "Biz çox ümid edirdik ki, bu xərclər ödəniləcək. Mən elə bilirdim ki, siyasətçilər bunu ağlabatan hesab edəcəklər. İmtinanın nəticələri çox ciddi olacaq. Biz elə bir vəziyyətə düşmüşük ki, Olimpiadanın keçirilməsinin prinsipcə mümkünlüyü məsələsinə baxmalıyıq”.
Xarici KİV-lər Olimpiadanın Təşkilat Komitəsinin rəhbəri Hans Ulav Kardenin bu sözlərini sitat gətirirlər: "Biz hər otaqda iki-üç nəfər yerləşdirə bilmərik. Biz 8000 səhər yeməyi, nahar və axşam yeməyini plastik qablarda təqdim edə bilmərik. Bizə azı 15 milyon kron əlavə vəsait ayrılmasa, bu tədbirin keçirilməsi çox çətin olacaqdır”.