Maqnus Karlsen: “O, həmişə çox parlaq və maraqlı oyunu ilə fərqlənirdi”

Maqnus Karlsen: “O, həmişə çox parlaq və maraqlı oyunu ilə fərqlənirdi”



Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen Rusiya KİV-lərinə verdiyi müsahibədə aqressiv rəqiblərin strategiyasından, habelə Azərbaycan qrossmeysteri Vüqar Həşimovdan danışıb.
Buyaxınlarda Vüqar Həşımovun xatirəsinə həsr olunan superturnirdə qazandığı gözəl qələbədən sonra norveçli Maqnus Karlsen bildirmişdir ki, turnirin keçirilməsindən və təşkilindən çox razıdır. "Oyuna gəldikdə isə, əlbəttə, dalbadal iki partiyanı uduzduğum hallar çox olmayıb. Bu, məni müəyyən qədər sarsıtdı. Amma özümü toplaya bildim və son turda Karuana ilə partiya həlledici oldu. Mənə elə gəlir ki, bu partiyada pis oynamadım və çətinliklərin öhdəsindən rəqibə nisbətən daha yaxşı gəldim. Bir sözlə, mən qələbə qazandım”, - deyə dünya çempionu bildirib.
Maqnus Karlsen həmçinin italyan Fabiano Karuanaya və azərbaycanlı Teymur Rəcəbova uduzmağının səbəbini də izah edib: "Birincisi, onlar çox yaxşı oynayırdılar. Mən isə ... startda dalbadal bir neçə uzun partiya oynadım. Enerjim azalmışdı, rəqiblərimin isə çox fəal oyun nümayiş etdirməsi problemlər yaratdı”.
"Mövqelərin demək olar ki, bərabər olduğu bir vəziyyətdə çox vaxt qələbəyə necə nail olursunuz?!” sualına norveçli belə cavab verib: "Şəmkir turnirindən söhbət gedirsə, orada mənim belə bərabər mövqelərim, demək olar ki, olmadı. Oyunun iki nəticəyə doğru getdiyi tarazlaşdırılmamış mövqelər çox oldu. Bu baxımdan turnir başqalarından bir qədər fərqlənirdi. Əlbəttə, son turdan əvvəlki turda Rəcəbovla keçirilən partiyada qələbəyə çox can atdım, azacıq üstünlüyüm olsa da onu realizə edə bilmədim”. Onun dediyinə görə, rəqiblərinin hamısı - Rəcəbov, Nakamura, Karuana, Məmmədyarov və hətta Karyakin özləri mübarizəyə can atırdılar və çox aqressiv oynayırdılar.
Qrossmeysterə Vüqar Həşimovu necə xatırladığı barədə də sual verilib. Bu barədə Maqnus Karlsen deyib: "O, son dərəcə güclü şahmatçı idi. Bakıdan başlayaraq mən onunla bir çox partiya oynadım. Sonra daha bir neçə turnir oldu. O, həmişə çox parlaq, maraqlı, aqressiv oyunu ilə fərqlənirdi. Belə oyun isə xoşa gəlməyə bilməz. O, öz qısamüddətli karyerası dövründə bir çox gözəl partiyalar oynayıb”.