Sumqayıt şahmatçısı Avropada üçüncüdür

Sumqayıt şahmatçısı Avropada üçüncüdür

Monteneqronun İqalo şəhərində şahmat məsələlərinin həlli üzrə 10-cu Avropa çempionatı başa çatıb. Artıq uzun illərdir ki, ənənəvi olaraq çempionat öncəsi Open turnir və Quick-Şou turnirləri keçirilir ki, bu da əsas yarış öncəsi həllçilər üçün yaxşı məşq olur. Bu dəfə hər iki yarışda şahmat üzrə beynəlxalq qrossmeyster, həlletmə üzrə keçmiş dünya çempionu Jonathan Mestel (Böyük Britaniya) inamla qalib gəldi. 17 ölkədən 60 nəfərin iştirak etdiyi Open turnirdə Jonathan Mestel, təqdim olunan 12 məsələni həll edərək, yüz faizli nəticə göstərdi. 2-ci pillədə 60 mümkün xaldan 57 xal toplayan Piotr Murdiza (Polşa), 3-cü yerdə isə 56 xalla Piotr Qorski (Polşa) oldu. Azərbaycan həllçiləri arasında ən yaxşı nəticəni 50,25 xalla 9-cu yeri tutan Araz Alməmmədov göstərdi və bu yarışda beynəlxalq reytinqinə (2430) 10 xal əlavə etdi.
Son dövrlər çox populyar olan Quick-şouda 35 nəfər qüvvəsini sınadı. Burada həll üçün 30 məsələ təqdim olunur ki, düzgün cavaba görə 1 xal, cavab yazılmadıqda 0 xal verilir, səhv cavaba görə 1 xal çıxılır. Hər məsələyə bir dəqiqə vaxt təqdim edilirdi. Bu yarışda qalib adını 11 xalla (+15, -4) Jonathan Mestel (Böyük Britaniya) qazandı, 2-ci 10 xalla (+15, -5) Vasil Dyaçuk (Ukrayna), 3-cü isə 10 xalla (+11, -1) Jorma Paavilainen (Finlandiya) oldu. Bu yarışda Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 5 xalla (+15, -9) 12-ci olan Zaur Məmmədov (Bakı) göstərdi.
10-cu Avropa çempionatında isə şəxsi hesabda 63 nəfər mübarizə aparırdı. Bu çempionat da dövrümüzün iki ən güclü həllçisi, müvafiq olaraq beynəlxalq əmsallar cədvəlində 1-ci və 2-ci olan, dəfələrlə dünya və Avropa çempionu adını qazanmış Georgi Yevseyev (2778) və Piotr Murdzianın (2776) mübarizəsi ilə yadda qaldı. Çempion adını 86 xalla, ötən il olduğu kimi, Piotr Murdzia (Polşa) qazandı. Gümüş medalı 79 xalla Georgi Yevseyev (Rusiya), bürünc medalı isə 74,5 xalla Marko Filipovic (Xorvatiya) qazandı. Azərbaycan həllçiləri arasında ən yaxşı nəticəni Araz Alməmmədov (Qəbələ) 60,6 xalla 17-ci yeri tutaraq göstərdi ki, bununla da reytinqinə 11 xal əlavə etdi, Beləliklə, onun beynəlxalq əmsalı 2451oldu ki, beynəlxalq usta adını qazanmaq üçün o reytinqinə daha 49 xal əlavə etməlidir.
Gənclər arasında (23 yaşa qədər) Avropa çempionu 73 xalla, dünya və Avropa çempionu Kasper Piorun (Polşa) oldu. 2-ci 57 xalla Mixail Qanjin (Rusiya), 3-cü isə 56 xalla Sumqayıt şahmatçısı, şahmat üzrə beynəlxalq usta Misrətdin İskəndərov oldu. Daha bir gənc istedadlı həllçimiz, şahmat üzrə beynəlxalq usta Zaur Məmmədov (Bakı) 55,3 xalla 4-cü yeri tutdu.
Bir sıra ölkələr yalnız şəxsi hesabda çıxış etdiyi üçün, komanda hesabında 15 ölkə qələbə uğrunda mübarizə apardı. Komanda hesabında 1-ci yeri 237,3 xalla Polşa (Piotr Murdzia, Kasper Piorun, Aleksandr Mista, Piotr Qorski) tutdu və çempion adını qorudu, 2-ci yeri 200,6 xalla Rusiya (Georgi Yevseyev, Anatoli Mukoseev, Andrey Petrov, Yevgeni Viktorov), 3-cü yeri isə 191 xalla Serbiya (Maryan Kovaçevic, Miodraq Mladenovic, Borislav Dyuraşevic, Srecko Radovic) tutdu. Azərbaycan komandası 172 xalla (Araz Alməmmədov, Misrətdin İskəndərov, Zaur Məmmədov) 6-cı oldu və Böyük Britaniya, Almaniya, Ukrayna, Yunanıstan kimi ölkələri geridə qoydu.