Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour of İran" veloyürüşü keçirilir. İran İslam Respublikasında təşkil edilən yarışda 18 yığma və klub komandası qüvvəsini sınayır. Azərbaycan yığması veloyürüşdə 6 velosipedçi ilə təmsil olunur.
Olimpnews.az Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, yürüşün Təbrizdən Urmiyaya qədər olan 144.4 km-lik ilk mərhələsində "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov yüksək nəticə qazanıb. Velosipedçimiz finişi 2 saat, 52 dəqiqə, 29 saniyəyə qət edib və fotofinişə əsasən 21-ci olub. İsmayıl İlyasov isə eyni vaxt göstəricisi ilə 29-cu yeri tutub.
Urmiyadan Culfaya qədər olan 210.3 km-lik 2-ci mərhələdə də Elçin Əsədov yenə də fərqlənib. O, komanda yoldaşlarından daha yaxşı çıxış edərək 14-cü yeri tutub - 5 saat, 8 dəqiqə, 42 saniyə.
Beləliklə, 2 mərhələdən sonra Elçin liderdən 16 saniyə geri qalmaqla ümumi sıralamada 14-cü yeri tutub.
Yarışa iyunun 22-də yekun vurulacaq.