Avropa Şahmat İttifaqı (AŞİ) özünün bəzi tədbirlərinin UNESCO-nun himayəsi ilə keçirilməsinə rəsmi icazə alıb. Beynəlxalq qurumun himayəsi altında ilk yarış bu il iyulun 5-18-də Plovdivdə keçiriləcək qadınlar arasında Avropa çempionatı olacaq. XV Avropa şəxsi birinciliyində 25 ölkədən 120 şahmatçı, o cümlədən 58 qrossmeyster iştirak edəcək. Azərbaycanı yarışlarda qrossmeysterlər Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, beynəlxalq ustalar Xəyalə Abdulla, Səbinə İbrahimova, Nərgiz Umudova, Nərmin Kazımova, FİDE-nin ustası Nərmin Xələfova, habelə Günay Məmmədzadə, Aytən Əmrayeva, Nərmin Məmmədova və Nərmin Söyünlü təmsil edəcəklər.
Qeyd edək ki, AŞİ-nin prezidenti Silvio Danailov və Fransa Şahmat Federasiyasının prezidenti Diyeqo Salazar may ayında UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər. Onlar "Şahmat UNESCO-nun qeyri-maddi ümumdünya irsidir” layihəsinin işlənib hazırlanması üçün bu mötəbər təşkilatın razılığını alıblar. Layihənin məqsədi şahmatın ümumdünya irs olduğunu rəsmən tanıtmaqdır. Avropa Şahmat İttifaqı bu mövzu üzərində işləmək üçün xüsusi komissiya yaradacaq.