Cüdoçularımız “Böyük dəbilqə” turnirində bir qızıl və bir bürünc medal qazandılar

Cüdoçularımız “Böyük dəbilqə” turnirində bir qızıl və bir bürünc medal qazandılar


İyulun 12-13-də Rusiyanın Tümen şəhərində cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri keçirilib. 40 ölkədən 330 cüdoçunun iştirak etdiyi yarışda komandamız 14 idmançı ilə mübarizə aparıb.
Turnirin ilk günüdə cüdo üzrə yığma komandamız bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev ilk görüşdə qazaxıstanlı Qusman Kirqizbayevə qalib gəlsə də, 1/4 finalda Rusiya cüdoçusu Robert Mşvidabadzeyə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan cüdoçumuz əvvəlcə özbəkistanlı Şərafəddin Lütfullayevi, sonra isə Rusiya təmsilçisi Savvi Karakizidini məğlub edərək bürünc medala sahib çıxıb. Turnirin son günündə isə təmsilçimiz Elmar Qasımov (100 kq) komandamıza qızıl medal qazandırıb. Finala qədər inamla irəliləyən cüdoçumuz qızıl medal uğrunda yarışda Kanada idmançısı Kayl Reyes ilə qarşılaşıb. Həlledici mərhələdə kanadalı rəqibindən üstün olan Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə bir qızıl və bir bürünc medal qazanan yığma komandamız bu nəticə ilə beşinci yeri tutub.