Azərbaycan velosipedçiləri fəxri kürsüdə

Azərbaycan velosipedçiləri fəxri kürsüdə


Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası uğurlu çıxışlarını davam etdirir. Fransada keçirilən birinci kateqoriyalı "Fenioux Piste International” kubokunda Böyük Britaniya, Fransa, Yeni Zelandiya, İtaliya, İspaniya yığma komandaları, eləcə də Çexiyanın "Dukla”, İsveçrənin "Ümumdünya Velosiped Mərkəzi” komandaları və digərləri ilə mübarizə aparan velosipedçilərimiz yarışın ilk günündə iki dəfə final mərhələsinədək irəliləyə biliblər.

Kişilər arasında keyrin üzrə keçirilən yarışlarda yığma komandamızın üzvü Sergey Omelçenko 20 nəfər arasında 4-cü yeri tutub. Final mərhələsində Fransa komandasının 3 üzvü ilə mübarizə aparan velosipedçimizi fəxri kürsüdən cəmi 0,05 saniyə ayırıb. Komandamızın digər üzvü Maksim Buşmin isə yarımfinalda zədələnsə də, yenidən mübarizəyə qoşularaq finiş xəttini keçməyi bacarıb və 12-ci nəticə göstərib.
Qadın velosipedçilərimizdən Olqa İsmayılova keyrin üzrə yarışlarda 6-cı, Yelena Pavluxina isə 3000 metr məsafəyə ötüşmədə 7-ci olub.

Kubokun 2-ci günündə yığma komandamızın üzvü Olqa İsmayılova sprint yarışlarında final mərhələsinədək irəliləyərək turniri ikinci pillədə başa vurub. Bununla da İsmayılovanın reytinqinə daha 72 xal əlavə olunub.
Kişilərin sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 21 nəfər arasında 9-cu yer tutub. Qeyd edək ki, Sergey 1/8 finalda üçqat dünya çempionu və dünya rekordçusu, fransalı Kevin Siroya qalib gəlib.
Digər velosipedçilərimizdən Yelena Pavluxina 25 km məsafəyə qrup ötüşmələrində 14 nəfər arasında 4-cü, 500 metr məsafəyə omniumda isə 9-cu olub. Velosipedçilərimiz iyulun 12-də Fransada keçirilən növbəti yarışda - "Fenioux Trophy Piste” kubokunda da iştirak ediblər. Komandamızın üzvlərinin çıxışı bu dəfə daha uğurlu olub. Turniri təmsilçimiz Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışlarında 2-ci, 200 metr məsafəyə sprint yarışlarında isə 4-cü pillədə başa vurub. Bu dəfə digər velosipedçimiz Yelena Pavluxina da fəxri kürsüyə qalxıb. O, 10.000 metr məsafəyə skretçdə mübarizə aparıb və yekunda 3-cü nəticə göstərib.
Kişilər arasında sprint yarışlarında yığma komandamızın üzvü Sergey Omelçenko 19 nəfər arasında 8-ci, Maksim Buşmin isə 14-cü yer tutub.