Gürcüstanın Poti şəhərində yerli administrasiyanın dəstəyi ilə "Nana Aleksandriya Kuboku-2014” beynəlxalq şahmat festivalı start götürüb. Turnirdə müxtəlif kateqoriyalar üzrə yarışlarda 12 ölkədən ümumilikdə 150-dən çox zəka sahibi mübarizə aparır.
Turnirin ümumi mükafat fondu təqribən 35 min lari təşkil edir. Azərbaycan, Gürcüstan, İraq, Almaniya, İran, İsrail, İordaniya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və Ermənistandan olan idmançıların iştirak edəcəyi festival 9 qrup üzrə keçirilir.
Beynəlxalq turnirdə ölkəmizi qrossmeysterlər Vüqar Rəsulov və Ülvi Bacarani, beynəlxalq usta Kamal Ağasiyev, FİDE ustası Fidan Ağasıyeva, habelə Müşfiq Əsgərov, Rəşad Zeynallı, Elnur Mehdiyev, Vəli Zeynalzadə və başqaları təmsil edirlər.
İyulun 20-dək davam edəcək turnirdə fərqlənən müxtəlif kateqoriyalar üzrə qaliblərə Nana Aleksandriya adına kuboklar təqdim ediləcək. Festivalda ilk beş yeri tutan şahmatçılar pul mükafatı və xatirə diplomu ilə mükafatlandırılacaqlar.