İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycan idmançılarının çıxışı tanınmış mütəxəssislərin diqqətindən kənarda qalmayıb. Xatırladaq ki, Avropa çempionatı Azərbaycan velosipedi üçün tarixi nailiyyətlə yadda qalıb. Belə ki, gənc velosipedçimiz Elgün Əlizadə 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində 190 nəfər arasında çempion olmuş İtaliya idmançısına 9 saniyə uduzmaqla 12-ci yeri tutub və müstəqillik dövründə Azərbaycan velosipedinin ən yüksək nailiyyətinə imza atıb. Avropa çempionatına U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup ötüşməsində Samir Cəbrayılov 169 velosipedçi arasında 38-ci olub. Tural İsgəndərov isə fərdi ötüşmələrdə 32-ci nəticə göstərib.
Qitə çempionatının gedişini Avropa Velosipedçilər İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov da izləyib. O, Azərbaycan təmsilçilərinin çıxışı haqqında AzVİF-in mətbuat xidmətinə verdiyi müsahibədə bunları deyib: "Nəticələriniz yaxşı yox, həddindən artıq yaxşıdır. Düşünürəm ki, Elgün Əlizadə bu çempionatın tapıntısı oldu. Onun əldə etdiyi 12-ci yer böyük uğurdur. Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işlər artıq öz bəhrəsini verməkdədir. Yəqin razılaşarsınız ki, Elgünün bu uğuru əksəriyyət üçün böyük sürpriz oldu, amma idmançının marşrut boyu nümayiş etdirdiyi taktika baş verənlərin qanunauyğunluğundan xəbər verir”.
Aleksandr Qusyatnikov U-23 yığma komandamızın üzvləri Tural İsgəndərov və Samir Cəbrayılovun da Avropa çempionatında çıxışına toxunub: "Qrup ötüşməsində Turalın bəxti gətirmədi və o, qəzadan qaça bilmədi. Əks halda, daha yaxşı çıxış edə bilərdi. Samirə gəlincə, o, uzun müddət liderlər qrupunda yer aldı və yalnız sona yaxın üstünlüyünü əldən verməklə 160 nəfər arasında 38-ci oldu”.
Avropa Velosipedçilər İttifaqının vitse-prezidentinin sözlərinə görə, qitə çempionatındakı uğurlu çıxışdan sonra diqqətlər velosipedçilərimizə yönəlib və onlar bu məsuliyyəti lazımınca dərk etməlidirlər. "İndi hər şey onların özündən asılıdır. Velosipedçiləriniz bundan sonra ikiqat qüvvə ilə çalışmalıdırlar ki, bu nəticələri daha da yaxşılaşdırsınlar. Çünki onların hər biri parlaq gələcək vəd edir”, - deyə Qusyatnikov əlavə edib.