Yunanıstanın Retimno şəhərində altıncı açıq beynəlxalq şahmat turniri davam edir. Retimnoda keçirilən open-turnirdə beş turdan sonra hərəyə 4,5 xal toplayan hindistanlı Abxicit Qupta və rusiyalı Aleksandr Xaritonov liderlik edirlər. Azərbaycan qrossmeysteri Azər Mirzəyev də daxil olmaqla 17 iştirakçı liderlərdən yarım xal geri qalır. Beşinci turda ağ fiqurlarla oynayan həmvətənimiz Yunanıstan nümayəndəsi Nikolas Teodorouya qalib gəlib.
Altıncı turda A.Mirzəyevin rəqibi Yunanıstan şahmatçısı, FİDE ustası Stamatis Kourkoulos-Arditis olacaq.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarışın ümumi mükafat fondu 5 min avrodur.