Şahmat bəstəçilərimiz dostluq görüşündə qalib gəldilər

Şahmat bəstəçilərimiz dostluq görüşündə qalib gəldilər

Reqlamenti bu ilin əvvəlində müəyyənləşən şahmat bəstəçiliyinin üç bölməsi (#2-ikigedişli, #3-üçgedişli, H# -yardımmat) üzrə Azərbaycan-Mərakeş dostluq matçının nəticəsi elan edilib. Matçda Azərbaycan yığmasının kapitanı İlham Əliyev, Mərakeş komandasının kapitanı isə Abdelaziz Onkoud çıxış edirdi. Yarışın direktoru Vadim Vinokurov (Rusiya), bölmələr üzrə hakimlər #2 - Qivi Mosiaşvili (Gürcüstan), #3 - Valeri Kopıl (Ukrayna), H#- Cristofer Jones (Böyük Britaniya) idi. Yarışın reqlamentinə görə mövzu azad elan edilmişdi.


Reqlamentdə etüd bölməsi olsa da, Mərakeş komandasının xahişi ilə, reqlamentin müddəti bitdikdən sonra, bu bölmə yarışdan çıxarıldı. Çünki, şahmat bəstələrinin tərtibinə verilən müddət ərzində, onlar tərəfdən heç bir etüd tərtib olunmamışdı. Etüd bölməsinin ölkəmizdə aparıcı yerdə olmasına baxmayaraq, məhz dostluq matçı olduğu üçün bu addım atıldı. Axı Mərakeş komandasınn lideri şahmat və şahmat bəstəçiliyi üzrə beynəlxalq usta Abdelaziz Onkoud dünyanın aparıcı şahmat bəstəçilərindəndir.
Xatırladaq ki, dostluq matçında hər bölmədə hər komanda iki məsələ təqdim edə bilərdi. Reqlamentə görə 1-ci yer 10 xal, 2-ci yer 8 xal, 3-cü yer 6 xal, 4-cü yer 4 xalla qiymətləndirilirdi. Qeyd edək ki, ikigedişli və üçgedişli bölmələrdə hesab 14-14, yəni heç-heçə bitsə də, yardımmat bölməsində 16 -12 hesabı ilə qalib gəldik və ümumi hesab 44-40 oldu.
Ölkəmizin yığma komandasının fəal üzvləri arasında bir çox iştirakçı olsa da, komandanın kapitanı kimi yarışa göndərilən 18 məsələ arasından bizim nöqteyi-nəzərimizcə 6 ən yaxşı məsələni seçdik. Çox heyiflər olsun ki, ölkəmizin bir sıra tanınmış şahmat bəstəçiləri bu matça maraq göstərmədilər. Ancaq buna baxmayaraq Kənan Vəlixanov (İmişli), Süleyman Abdullayev (Bakı), Ramil Səfərəliyev (Şabran) və komandanın kapitanı İlham Əliyevdən (Sumqayıt) ibarət yığma komanda güclü rəqibə qalib gəlməyi bacardı.

İ. Əliyev (Sumqayıt)
beynəlxalq hakim,
əməkdar məşqçi