Şahmatçılar Avropa çempionatında yarışdılar

Şahmatçılar Avropa çempionatında yarışdılar


Plovdivdə şahmat üzrə qadınlar arasında keçirilən 15-ci şəxsi Avropa çempionatı başa çatıb.
Çempionatda 26 ölkədən 115 şahmatçı (63 qrossmeyster) iştirak edib. Yarışda Azərbaycanı 10 şahmatçı, o cümlədən qrossmeysterlər Gülnar Məmmədova (2331), Türkan Məmmədyarova (2205), beynəlxalq ustalar Xəyalə Abdulla (2233), Səbinə İbrahimova (2218), Nərmin Kazımova (2180), FİDE ustaları Nərmin Xələfova (2191), Günay Məmmədzadə (2182), həmçinin Aytən Amrayeva (2065), Nərmin Məmmədova (2019) və Nərmin Söyünlü (1936) təmsil ediblər.
Sonuncu turda Türkan Məmmədyarova və çempionatın favoritlərindən sayılan Rusiya təmsilçisi Natalya Poqonina qarşılaşması həmyerlimizin xeyrinə başa çatıb. Beləliklə, T.Məmmədyarova 6,5 xal toplayaraq çempionatı 22-ci pillədə başa vurub. Gülnar Məmmədova da eyni xalı toplasa da 29-cu yeri tutub. Xəyalə Abdulla, Günay Məmmədzadə, Səbinə İbrahimova, Nərmin Kazımova və Aytən Əmrayeva 6 xal, Nərmin Məmmədova və Nərmin Xələfova 4,5 xal, Nərmin Söyünlü isə 2,5 xal toplayıb.
Çempion adını 9 xal toplayan Rusiya şahmatçısı Valentina Qunina qazanıb.
Birincilik İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla keçirilib.
Çempionatda ilk 14 yeri tutan şahmatçılar dünya kubokuna vəsiqə qazanıblar.