Azərbaycanın "Synergy Baku” komandasının velosiped idmanı üzrə "Tour de Langkavi” yarışlarında uğurlu debütü velosiped idmanı həvəskarları üçün gözlənilməz olub. Menecerlər qısa vaxtda dünya velosiped idmanının tanınmış liderləri ilə yanaşı yüksək yerlər uğrunda mübarizə aparan güclü kollektiv yaratmağa nail olublar. Komandanın meneceri Ceremi Hant qeyd edib ki, ilk velosiped turunda uğurlu nəticələr qazanılmasına baxmayaraq, layihənin əsas məqsədi azərbaycanlı idmançıların hazırlanmasıdır. Bunun üçün menecer altı azərbaycanlı velosipedçini Melburna gətirməyi qərara alıb. Həmin idmançılar Avstraliyada yalnız məşqlə kifayətlənmirlər, onlar həm də milli turlarda iştirak üçün də hazırlaşırlar. Menecer bu barəd deyib: "Biz altı azərbaycanlı velosipedçi ilə məşqə başlamışıq. Onlar "Tur de Azerbaijan” yarışlarında layihəmizi təqdim etmək üçün may ayınadək tam hazır olmalıdırlar”.
Azərbaycanın "Synergy Baku” komandasının üzvü, "Tour de Langkavi” yarışlarında ümumi hesabda üçüncü yeri tutan Anuar Manan nəticələrlə bağlı fikirlərini bölüşüb: "Mən yüksək nəticələr göstərmək və tam formada olmaq üçün çox çalışdım. Bu il ötənildəkindən daha yaxşı hazırlaşmışdım, lakin bu dəfə müsabiqənin səviyyəsi çox yüksək idi”.