20 iyul dünyada Şahmat Günü kimi qeyd edilir. Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü il iyulun 20-də, yay Olimpiya oyunları dövründə təsis edilib. 1966-cı ildə UNESCO hər il iyulun 20-nin Dünya Şahmat Günü bayramı kimi qeyd olunması haqqında qərar verib. FİDE yaradılan vaxt 14 ölkəni əhatə edirdi. Hazırda isə FİDE-nin 173 üzvü var.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovun FİDE-nin rəsmi saytında dərc olunmuş təbrik məktubunda deyilir: "FİDE-nin əsas ideyası ondan ibarətdir ki, hər birimizin siyasi, milli, cinsi mənsubiyyətimizdən və yaşımızdan asılı olmayaraq, bizi şahmata qızğın həvəs birləşdirir”.
Qeyd edək ki, şahmat oyununun adı farsca "şah” və "mat” sözlərindən yaranıb. Mənası "hökmdar öldü” deməkdir. Şahmatın vətəni Hindistan hesab edilir. Şahmatın sələfi olan şətrənc oyunu V əsrdə Hindistanda yaranıb. Azərbaycanda şahmatın təqribən V-VI əsrlərdə yaranması güman edilir.