Vüqar Həşimov Memorialı başlayır
Bu gün Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürür. Təşkilatçılar 12 yaşadək uşaqlar arasında Vüqar Həşimov Memorialını açılış mərasimini şahmatçımızın doğum günündə keçirməyi qərara alıblar. Qeyd edək ki, iyulun 24-də Vüqar Həşimovun 28 yaşı tamam olur. 12 yaşadək uşaqlar arasında keçirilən beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin şahmatçıları mübarizə aparacaqlar.
Bu gün saat 11-də II Fəxri Xiyabanda görkəmli şahmatçımız Vüqar Həşimovun abidəsinin açılışı olub. Saat 12-də "Exselsior Bakı” otelində turnirin rəsmi açılış mərasimi keçiriləcək. Turnir avqustun 1-də başa çatacaq.
Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatına vəsiqə əldə edəcəklər. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə Baku Open turnirinə dəvət alacaq. Bürünc mükafatçı Naxçıvan Opendə iştirak edəcək.