Vüqar Həşimovun abidəsinin açılışı olub

Vüqar Həşimovun abidəsinin açılışı olub


Dünən Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov şahmatçının adının ədəbiləşdirilməsi haqda danışıb: "Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki, Vüqara oxşasınlar".
Sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: "Əvvəlcə Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacağıq".

Qeyd edək ki, bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.
Dünən mərhum qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günü idi. Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub, o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer almışdı.