“Olimpiya dünyası” qəzetinin əməkdaşları “Media kuboku”nda

“Olimpiya dünyası” qəzetinin əməkdaşları “Media kuboku”nda


22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Media kuboku” adı altında velosiped yarışı təşkil edib. İyulun 23-də Veloparkda keçirilən yürüşdə ölkənin müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın həvəskar velosipedçi iştirak edib. Qeyd edək ki, yarışda "Olimpiya dünyası” qəzetinin üç əməkdaşı - Aslan Şirəliyev, Rahib Səmədov və Aysel Sultanova da iştirak edib. Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən yarış yarımfinal və final mərhələlərindən ibarət olub. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil olunan yarışın 2700 metrdən ibarət yarımfinal mərhələlərində ən yaxşı nəticə göstərən 8 iştirakçı finala vəsiqə qazanıb.

Beləliklə, 4500 metrdən ibarət həlledici yürüşdə 16 kişi və yarışın yeganə xanım iştirakçısı, "Olimpiya dünyası” qəzetinin əməkdaşı Aysel Sultanova iştirak ediblər. Finalda qəzetimizin daha bir əməkdaşı - Rahib Səmədov kişilər arasında mübarizəyə qatılıb.

Hər biri 900 metrdən ibarət 5 dövrəni hamıdan tez www.idmanxeber.com saytının əməkdaşı Vüsal Mirzəyev başa vuraraq "Media kuboku”nun qalibi olub. 2-3-cü yerləri isə "Lider TV”nin əməkdaşları Savalan Vəlibəyovla Əfqan Bayramov tutublar.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Synergy Group” ASC və "United Sport” idman malları mağazası tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər. Bundan başqa, yarışın qalibi AzVIF tərəfindən qiymətli velosipedlə də mükafatlandırılıb. Xanım təmsilçimiz Aysel Sultanova da həvəsləndirici mükafata layiq görülüb.