Millimiz uşaqlarla şahmat seansında yarışdı

Millimiz uşaqlarla şahmat seansında yarışdı

Şahmat üzrə milli komandamızın üzvləri mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş seansda iştirak ediblər. Millinin üzvləri Vüqarın 28 yaşının tamam olması münasibətilə 28 lövhədə seans təşkil ediblər. Seansda yığmanın kapitanı Aleksandr Xalifman, şahmatçılardan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli iştirak ediblər.
Yarış başa çatdıqdan sonra yığma komandanın üzvləri və eləcə də milli kapitanı öz fikirlərini bildiriblər.


Qədir Hüseynov:
"Vüqarın adı daim yaşamalıdı”
"Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bir qədər əvvəl Şəmkirdə onun xatirəsinə böyük turnir keçirildi. İndi yeniyetmələr arasında yarış keçirilir. Çox istərdim bu turnirlər ənənəvi olsun. Vüqarın adı daim yaşamalıdı.”

Aleksandr Xalifman: "Vüqar Azərbaycan şahmatı
üçün dəyərli bir sima olub”
Vüqar haqda belə danışıb: "Böyük şahmatçı hər zaman xatırlanmalıdır. Vüqar Azərbaycan şahmatı üçün dəyərli bir sima olub. Onun intellekti və mədəniyyəti hər bir uşaq üçün örnək olmalıdır. Bu turnir yeniyetmələr üçün əsl motivasiya olacaq. Belə yarışda iştirak etmək sevindiricidir.”

Şəhriyar Məmmədyarov: "Komanda yoldaşımızın adına olan turnirdə iştirak etmək vacibdir”
Yığmanın şahmatçısı Şəhriyar Məmmədyarov isə Vüqarın xatirə turnirində iştirak etməyi özlərinə borc bildiyini deyib: "Komanda yoldaşımızın adına olan turnirdə iştirak etmək vacibdir. Belə yarışlar nə qədər çox olsa o qədər yaxşıdır. Vüqarın adı daima yaşayacaq. Biz belə xatirə turnirində iştirak etməliyik”.