Əziyyət çəkdiyini dedi, dopinqdə günahlandırıldı

Əziyyət çəkdiyini dedi, dopinqdə günahlandırıldı



Fransada keçirilən velosiped yarışında birinciliyi Astana (Qazaxıstan) komandasının üzvü qazansa da, ən yaddaqalan hadisə polşalı idmançı Bartos Huzarskinin düşdüyü vəziyyət olub. Polşalı velosipedçi yarışdan sonra facebook səhifəsində ayaq əzələlərinin pis vəziyyətdə olduğunu paylaşıb. Fotoda idmançının ayaq əzələlərinin həddindən artıq gərildiyi və damarların anormal formada şişdiyi aydın görünür. Maraqlıdır ki, velosipedçinin paylaşdığı şəkillər birmənalı qarşılanmayıb. Bəzi mütəxəssislər idmançının bu hala düşməsini onun dopinqdən yararlanması ilə izah etməyə çalışırlar.
33 yaşlı polşalı velosipedçi bildirib ki, ayaqlarının fotosunun bu qədər rezonans doğuracağını gözləmirmiş: "İsti havada ağır yarışdan sonra belə görüntünün ortaya çıxması çox normaldır. Çox təəssüf ki, mənim adi hal kimi baxdığım bu hadisəyə gözlənilməz rəylər verildi. Mən karyeram ərzində heç vaxt dopinqdən istifadə etməmişəm və bu barədə düşünmürəm. Velosipedlə məşğul olanlar gərgin yarışlardan sonra ayaqların hansı vəziyyətə düşdüyünü yaxşı bilirlər”.