Şahmat olimpiadasında liderlik komandamıza məxsusdur

Şahmat olimpiadasında liderlik komandamıza məxsusdur



Xəbər verdiyimiz kimi, avqustun 2-də Norveçin Tromsö şəhərində Dünya Şahmat Olimpiadası başlayıb.
Məlumat üçün bildirək ki, Olimpiadada ümumilikdə 317 kollektiv, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları iştirak edirlər.
Aleksandr Xalifmanın kapitanı olduğu kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov yer alıblar. Fikrət Sidefzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada isə Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova mübarizə aparırlar. Azərbaycan olimpiadada 10 hakimlə də təmsil olunur.
Ötən sayımızıda komandalarımızın keçirdikləri ilk iki görüş barəsində məlumat vermişdik. Yarışın 3-cü günündə kişilərdən ibarət Azərbaycan millisi Xorvatiya yığması ilə qarşılaşıb.
İlk 2 turda favorit kimi çıxış edən yığmamız xorvatiyalı həmkarlarına qalib gəlib - 2,5:1,5.
Qadın şahmatçıların mübarizəsində isə Fikrət Sideifzadənin rəhbərlik etdiyi komanda İsveçrə yığması ilə qarşılaşıb. Qadın şahmatçılarımız "Saatlar ölkəsi”ndən olan rəqiblərinə qələbə üçün şans verməyiblər- 2,5:1,5. 4-cü turda hər iki yığma komandamız ən güclü rəqibləri ilə qarşılaşıblar. Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət millimiz əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən Fransa ilə görüşüb. Millimiz güclü rəqibə 2,5:1,5 hesabı ilə qalıb gəlib.

Qadınlardan ibarət yığmamız isə Çin millisini sınağa çəkib. Fikrət Sideifzadə asiyalılarla matçda Türkan Məmmədyarovaya yenidən şans verib. Lakin olimpiadanın reytinq-favoriti komandamızın ardıcıl qələbə qazanmaq istəyinə mane olub - 3:1.
Yarışın 5-ci turunda Azərbaycan milliləri Serbiya və ABŞ-la münasibətlərinə aydınlıq gətiriblər.
Bir gün öncə Fransaya qalib gələrək, turnir cədvəlində liderliyə yüksələn kişilərdən ibarət millimiz uğurlu seriyanı davam etdirmək arzusunda idi. Kişilərimiz buna qismən nail olublar. Serbiya ilə görüş 2:2 hesabı ilə başa çatıb. Qadınlardan ibarət millimiz isə xal qazana bilməyib. Bu dəfə onlar 2,5:1,5 hesabı ilə ABŞ millisinə məğlub olublar. Növbəti turda kişi şahmatçılarımız Gürcüstan, qadın şahmatçılarımız isə Puerto-Rikodan olan rəqibləri ilə yarışacaqlar.

3-cü tur
Kişilər
Azərbaycan - Xorvatiya - 2,5:1,5
Şəhriyar Məmmədyarov (2743) - İvan Sariç (2671) - 0,5-0,5
Teymur Rəcəbov (2724) - Xrvoe Steviç (2606) - 0,5:0,5
Eltac Səfərli (2649) - Mladen Palats (2563) - 1:0
Qədir Hüseynov (2613) - Zdenko Kozul (2608) - 0,5 - 0,5
4-cü tur
Fransa - Azərbaycan - 1,5 - 2,5
Maksim Vaşye-Laqrav (2768) - Şəhriyar Məmmədyarov (2743) - 0:1
Etyen Bakro (2720) - Teymur Rəcəbov (2724) - 0,5:0,5
Loran Fressine (2708) - Rauf Məmmədov (2659) - 0,5:0,5
Vladislav Tkaçev - Eltac Səfərli (2649) - 0,5:0,5

5-ci tur
Azərbaycan - Serbiya - 2:2
Şəhriyar Məmmədyarov (2743) - İvan İvanişeviç (2613) - 1:0
Teymur Rəcəbov (2724) - Miloş Perunoviç (2602) - 0:1
Rauf Məmmədov (2659) - Robert Markus (2602) - 0,5:0,5
Qədir Hüseynov (2613) - Nikola Sedlak (2554) - 0,5:0,5

5 turdan sonra vəziyyət:
1-7. Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan, Kuba, Özbəkistan, Gürcüstan - 9 xal; 8-24. Rusiya, Fransa, Xorvatiya, Çin, Vyetnam, Misir, Hollandiya, Çexiya, Bosniya və Herseqovina, Ermənistan, İngiltərə, Norveç-2, Macarıstan, İndoneziya, Belarus, Rumıniya, İran - 8 xal.

3-cü tur
Qadınlar
Azərbaycan - İsveçrə - 2,5:1,5
Zeynəb Məmmədyarova (2229) - Monika Seps (2236) - 0:1
Gülnar Məmmədova (2334) - Barbara Hand (2153) - 1:0
Xəyalə Abdulla (2286) - Qundula Heynats (2169) - 0,5:0,5
Səbinə İbrahimova (2263) - Kamilla De Sero (2129) - 1:0

4-cü tur
Çin - Azərbaycan - 3:1
Yifan Hou (2661) - Zeynəb Məmmədyarova (2229) - 1:0
Çun Ven Çu (2559) - Gülnar Məmmədova (2334) - 0,5:0,5
Tan Jonqi (2468) - Türkan Məmmədyarova (2274) - 1:0
Qyu Quo (2453) - Səbinə İbrahimova (2263) - 0,5:0,5

5-ci tur
Azərbaycan - ABŞ - 1,5:2,5
Gülnar Məmmədova (2334) - İrina Kruş (2474) - 1:0
Xəyalə Abdulla (2286) - Anna Zatonskix (2466) - 0,5:0,5
Türkan Məmmədyarova (2274) - Tatev Abrahamyan (2366) - 0:1
Səbinə İbrahimova (2263) - Yekaterina Nemçova (2315) - 0:1

5 turdan sonra vəziyyət:
1-3. Çin, Macarıstan, Rusiya - 10 xal; 4-6. Hollandiya, Polşa, Serbiya - 9 xal. 31-60. Azərbaycan - 6 xal.