Xızıda velosiped idmanının cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına yekun vurulub.
Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparıb.
Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun 4 üzvü - Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də yer alıb.
Çempionatın ikinci günündə velosipedçilər qrup ötüşməsində yarışıblar. Əsas mübarizə məhz ən təcrübəlilərin yarışdığı U-23 və Elit yaş qrupunda gedib. 82 kilometrlik marşrutun təxminən 50 kilometrindən sonra liderlər qrupu əsas pelotondan ayrılıb. Finişə 16 kilometr qalmış isə Maksim Averin vahid liderlik əldə edib və üstünlüyünü sonadək qorumaqla Azərbaycan çempionu adına sahib olub.
Digər yaş qruplarına gəlincə, gənclər arasında Elgün Əlizadə, U-17 yaş kateqoriyasında Mikayıl Səfərli, U-15 yaş qrupunda isə İvan Orlov bütün rəqiblərini qabaqlayıblar.
Qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.