Azərbaycanın SOCAR və "Odlar Yurdu” şahmat klublarının Avropa çempionatında iştirak edəcək heyəti məlum olub. Bakı komandaları ötən ildən fərqli olaraq, heyətdə bəzi dəyişikliklər ediblər.
Belə ki, 2012-ci ildə Avropa çempionu titulunu qazanan SOCAR sentyabrın 13-20-də İspaniyanın Bilbao şəhərində keçiriləcək yarışda Teymur Rəcəbov (2717), Şəhriyar Məmmədyarov (2756), Aniş Qiri (2758), Anton Korobov (2673), Van Hao (2730), Eltac Səfərli (2655), Maykl Adams (2752) və Veselin Topalova (2784) güvənəcək.
Komandada Korobovla Adams Fabiano Karuana və Qata Kamskini əvəz edəcəklər. SOCAR bu görüşlərə kapitan Vladimir Tukmakovun rəhbərliyi altında çıxacaq.
Təxminən 65 klubun (54 kişi, 11 qadın) qatılacağı qitə birinciliyində "Odlar Yurdu”nun şərəfini Qədir Hüseynov (2615), Rauf Məmmədov (2660), Nicat Məmmədov (2624), Vasif Durarbəyli (2614), Vüqar Rəsulov (2514), Nicat Abasov (2527), Ülvi Bacarani (2483) və Emil Sutovski qoruyacaqlar.
Azərbaycanlı şahmatçılardan təşkil olunan komandada Ülvi Bacarani debütantdır. O, ötən il heyətdə yer alan Zaur Məmmədovu əvəz edəcək. Bakıda doğulan, lakin yeganə legioner olan Emil Sutovski isə kapitan funksiyasını davam etdirəcək.
Qeyd edək ki, yarışın qalibi 7 turun yekununda bilinəcək.