Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatının yekununa əsasən tərtib olunan siyahı millimizin aparıcı üzvləri üçün ürəkaçan olmayıb.
Çempionatdakı uğursuzluğun ardından cüdoçularımızdan Məhəmmədəli Mehdiyev (81 kq) 4, Nicat Şıxəlizadə (66 kq) ilə Şahin Qəhrəmanov (90 kq) isə hərəyə 3 pillə geriləyərək, müvafiq olaraq, 48-ci, 10-cu və 22-ci yerdə qərarlaşıblar. Hərəyə bir pilə geriləyən Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq) və Kifayət Qasımova (57 kq), müvafiq olaraq, 6-cı, 12-ci və 23-cü yerlərdədirlər.
Rio-de Janeyroda keçirilən dünya çempionatının qızıl mükafatçısı Elxan Məmmədov (100 kq) da geriləyənlər sırasındadır. O, ötən ayla müqayisədə bir pilə geriləyərək reytinq sıralamasının üçüncü pilləsində yer alıb.
Onlardan fərqli olaraq, Tərlan Kərimovla (66 kq, 82-ci yer) Elmar Qasımov (100 kq, 4-cü yer) mövqelərini qoruyublar. Çelyabinskdə keçirilən dünya çempionatında 7-ci yeri tutan Rüstəm Orucov (73 kq) isə 1 pillə irəliləyib. O, 14-cü pilləni 13-cü yerlə əvəzləyib.
81 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev isə rəqibləri gerilədiyi üçün 51-ci olub. O, son siyahı ilə müqayisədə 1 pillə yuxarı qalxıb.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.