Soçi-2014 Paralimpiya Oyunlarının məşəl estafetinin marşrutu məlum olub. Marşrut Rusiyanın 8 federal dairəsindən keçəcək. Məşəl estafetinə 2014-cü il fevralın 26-da start veriləcək. Martın 7-də başa çatacaq estafet ölkənin 43 şəhərindən keçəcək. Məşəli 1,5 min nəfər daşıyacaq. Soçi-2014 Olimpiya Təşkilat Komitəsinin (SOCOG) sədri Dmitri Çernışenkonun sözlərinə görə, olimpiadaya bir il vaxt qalmasına baxmayaraq, Soçi artıq yarışları qəbul etməyə hazırdır. Çernışenko deyib: "Soçi şəhərinin infrastrukturu hazırda Paralimpiya Oyunlarını qəbul etməyə hazırdır. Lakin əsası odur ki, Soçi Olimpiadası ölkədə əlil insanlara olan stereotipləri dəyişəcək”. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filipp Kreyven isə öz növbəsində Soçi-2014 Paralimpiya Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib: "Mən inanıram Ki, SOCOG oyunların yüksək səviyyədə təşkili üçün bütün mümkün olan imkanlardan istifadə edəcək”.
Qeyd edək ki, XI Paralimpiya Oyunları 2014-cü il martın 7-16-da keçiriləcək.